Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ermənistanda əsir götürülmüş hərbi qulluqçularımızın valideynləri ilə görüş  keçirib

19-04-2023 298 dəfə oxunub
Ombudsman Ermənistanda əsir götürülmüş hərbi qulluqçularımızın valideynləri ilə görüş  keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman Aparatında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitinə görə itkin düşmüş və Ermənistanda həbs edilmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə görüş keçirilib. 

Görüş zamanı Ombudsman Ermənistanda hərbi qulluqçularımızın qanunsuz həbsini, eləcə də əsgərimizə qarşı törədilmiş qeyri-insani rəftar hallarını qəti şəkildə qınadığını, bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirib. S.Əliyeva müvafiq beynəlxalq və regional təşkilatlara ünvanladığı məktubda hərbi qulluqçularımızın Ermənistanda saxlanıldıqları müddət ərzində hüquqlarının təmin olunmasını, ailələri ilə videozəng vasitəsilə əlaqə imkanının yaradılmasını, habelə əsgərimizin qeyri-insani rəftara məruz qalması ilə bağlı video və fotoların araşdırılmasını tələb etdiyini vurğulayıb. 

Bununla yanaşı, Müvəkkil hərbi qulluqçularımızın vəziyyətinin diqqətdə saxlanıldığını bildirib, onların azad olunaraq ölkəyə qaytarılmaları istiqamətində zəruri tədbirlərin görüldüyünü qeyd edib.