Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən Tərbiyə Müəssisəsində islah olunan yetkinlik yaşına çatmayanlar üçün şəhər gəzintisi təşkil olunub

29-12-2023 1330 dəfə oxunub
Ombudsman tərəfindən Tərbiyə Müəssisəsində islah olunan yetkinlik yaşına çatmayanlar üçün şəhər gəzintisi təşkil olunub

Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə silsilə tədbirlər həyata keçirilməkdədir.

Davam edən tədbirlər çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində növbəti dəfə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində islah olunan yetkinlik yaşına çatmayanlardan iki nəfərinin paytaxtda yerləşən tarixi-mədəniyyət abidələrinə, istirahət və ictimai iaşə obyektlərinə bir günlük səfəri təşkil olunub.

Ombudsman yeniyetmələr ilə birlikdə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə tər güllər qoyub, xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra şəhidlərimizin məzarları ziyarət edilərək, əziz xatirələri yad olunub.

Gəzinti çərçivəsində yetkinlik yaşına çatmayanların Heydər Əliyev Mərkəzinə və Bakı Kitab Evinə səfərləri təşkil olunub. Uşaqlara Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Ulu Öndərin əvəzsiz xidmətləri barədə geniş məlumat verilib, həmçinin müxtəlif janrlarda olan kitablar hədiyyə olunub.

Ombudsman uşaqlarla birgə nahar edib, onları müstəqil Azərbaycanın dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, ölkəmizin inkişaf tarixindəki rolu barədə məlumatlandırıb, onlara fərdi inkişafları, hüquqlarının müdafiəsi, təhsilləri, peşə vərdişləri və islah olunmaları istiqamətində tövsiyələrini bildirib. Uşaqlar üçün təşkil edilmiş mədəni proqramın sonunda onlara hədiyyələr təqdim olunub.

Ombudsmanın Penitensiar Xidmətlə əməkdaşlığı çərçivəsində uşaqların mənəvi inkişafına, onların islah olunmalarına müsbət təsir göstərən bu kimi tədbirlər davam etdiriləcəkdir.