Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib

10-04-2023 265 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda iştirak edib

Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi (DCAF) tərəfindən Almaniya Federativ Respublikasının Garmiş-Partenkirxen  şəhərində “Beynəlxalq humanitar hüquq və silahlı münaqişələrdə psixi sağlamlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib. 10 ölkədən 23 nümayəndənin qatıldığı təlimdə Ombudsman Aparatının Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova da iştirak edib.

Konfrans çərçivəsində təşkil olunmuş “Beynəlxalq humanitar hüququn təşviqi” sessiyasında çıxış edən Ombudsman Aparatının əməkdaşı Birinci və İkinci Qarabağ müharibələrində Ermənistan tərəfindən pozulmuş beynəlxalq humanitar hüquq normaları, həmçinin Ermənistanın silahlı qüvvələri və qanunsuz silahlı dəstələri tərəfindən işğal dövründə Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanması və dəqiq mina xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi barədə məlumat verib. R.Əmirbəyova çıxışında Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi barəsində bu günədək, Azərbaycana məlumatların təqdim olunmaması, İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə və digər böyük şəhərlərin Ermənistan hərbi-siyasi hakimiyyətinin göstərişi ilə qadağan olunmuş silahlardan hücuma məruz qoyulması, Azərbaycana qarşı hərbi əməliyyatlarda uşaqların cəlb olunması və Ermənistanın törətdiyi digər müharibə cinayətlərinə toxunub.

Ombudsmanın İkinci Qarabağ müharibəsi bitdikdən sonra geri qaytarılan azərbaycanlı hərbi əsir və girovlara baş çəkərkən apardığı araşdırmalar zamanı onların Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə müəyyən edilmiş faktlara əsaslanan məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Sessiyalar çərçivəsində təşkil olunmuş müzakirələrdə Ombudsmanın nümayəndəsi terror-diversiya qrupları şəklində işğaldan azad olunmuş ərazilərimizdə cinayət əməllərinin törədilməsinə görə həbs edilmiş Ermənistan vətəndaşlarının saxlanıldığı müəssisələrə Milli Preventiv Qrup tərəfindən ardıcıl başçəkmələr həyata keçirildiyini qeyd edib. Sistemli həyata keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyinin tələblərinə riayət edildiyi, hüquqlarının təmin edildiyi, onlara lazımi tibbi və psixoloji xidmətin göstərildiyi  konfrans iştirakçılarının diqqətinə çatdırılıb.