Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri tərəfindən ümumtəhsil məktəblərində növbəti təlimlər keçirilib

08-05-2023 386 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri tərəfindən ümumtəhsil məktəblərində növbəti təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin media subyektlərini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi”nə dair müvafiq yarımbəndinin icrası ilə əlaqədar Ombudsmanın Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri tərəfindən Gəncə, Şəki, Mingəçevir, Quba, Masallıdakı orta təhsil müəssisələrində və Lənkəran Qarışıq Tipli Uşaq Evində müəllim və şagirdlərin iştirakı ilə təlimlər keçirilib.

Təlimlərdə iştirakçılara uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti, həmçinin 916 Çağrı Mərkəzinə müraciət imkanı, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan milli qanunvericilik aktları və beynəlxalq sənədlər, uşaqlara qarşı zorakılıq və onun növləri, ayrı-seçkiliyin bütün formalarının yolverilməzliyi barədə məlumat verilib.

Təlimlər zamanı uşaqların iştirakı ilə qrup işlərində onların hüquqlarının müdafiəsi ilə bağlı rol oyunlarına yer verilib.

İnteraktiv şəkildə keçirilən tədbirlərdə təlim texnologiyalarından istifadə olunub, məişət zorakılığı, erkən nikah, gender əsaslı zorakılıq, kibercinayətkarlıq, uşaq əməyi, bullinq və digər mövzularda müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Təlimlərin may ayı ərzində davam etdirilməsi nəzərdə tutulub.