Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib

05-05-2023 278 dəfə oxunub
Ombudsman Aparatının təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib

Mayın 3-də Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin  Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Milli Məclisin deputatları Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev, Ombudsman Aparatının əməkdaşları, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən Ulu Öndərin Azərbaycanda insan hüquqlarının inkişafı və təminatı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı mühüm əhəmiyyət kəsb edən islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu, Ümummilli Lider Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmizin çoxsaylı uğurlara imza atdığını vurğulayıb. Müvəkkil qeyd edib ki, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanıb və təsdiq edilərək icra olunub.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqəti və qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib.

Müvəkkil əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatların hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirildiyini bildirib.

S.Əliyeva Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil bir qurum olaraq yaradılan və artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərən Ombudsman təsisatının bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, digər aidiyyəti dövlət qurumları, habelə yerli özünüidarə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığını uğurla davam etdirdiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Milli Məclis sədrinin müavini Adil Əliyev konfransda çıxışı zamanı bu gün Azərbaycanın ictimai-siyasi həyatında baş verən inkişafın ən böyük səbəbkarının Ulu Öndər Heydər Əliyevin olduğunu bildirib, onun keçdiyi həyat yolunun hər kəs tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb. Müasir məhkəmə siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi illərində qoyulduğunu bildirən A.Əliyev Azərbaycanda kompleks hüquqi islahatların aparıldığını, Ümummilli Liderin sədrlik etdiyi komissiya tərəfindən hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasının da bu dövrlərdə qəbul edildiyini qeyd edib.

Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnsan hüquqları üzrə milli qanunvericilik bazasının inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə hər bir sahədə inkişafın əldə edildiyini, insan hüquq və azadlıqlarının təmini sahəsində köklü islahatların həyata keçirildiyini  bildirib.

Konfransda “Heydər Əliyev və gender siyasəti” mövzusunda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində gender siyasətinə xüsusi əhəmiyyət verdiyi qeyd edib, Ulu Öndər Heydər Əliyevin hər bir imkandan istifadə edərək hər zaman qadınları önə çəkdiyini söyləyib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə xalqımıza şərəflə xidmət etdiyini, xalqın çətin vaxtlarında hər zaman onun yanında olduğunu bildirib. O,  Azərbaycan xalqının Heydər Əliyevə həmişə inandığını, bütün təyziqlərə baxmayaraq xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldiyinini, Ümummilli Liderin Azərbaycanın xilaskarı olduğunu qeyd edib.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov “Qərbi Azərbaycanlıların əzəli torpaqlarına qayıdışı Ümummilli Liderin daim diqqət mərkəzində olmuşdur” mövzusunda çıxış edib, hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin milli düşüncənin formalaşmasında böyük rolu olduğunu bildirib. O, Ümummilli Liderin dünya azərbaycanlılarının, o cümlədən Qərbi azərbaycanlıların problemlərini hər zaman diqqətdə saxladığını qeyd edib.

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edib, Ümummilli Lider, fenomenal şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı parçlanmadan xilas etdiyini vurğulayıb.

Milli Məclisin deputatı Kamal Cəfərov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi olduğunu bildirib, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasındakı müstəsna rolundan bəhs edib. O, ölkəmizdə gənclərə xüsusi önəm verildiyini, bu istiqamətdə bir çox islahatların həm Ümummilli Lider Heydər Əliyev, həm də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirib.

“Heydər Əliyev və məhkəmə-hüquq islahatları” mövzusunda çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ulu Öndərin hakimiyyəti illərində geniş məhkəmə hüquq islahatları aparıldığını, bu sahədə əhəmiyyətli qanunların ilk dəfə həmin dövrdə qəbul olunduğunu diqqətə çatdırıb.

Bakı Dövlət Universitetinin professoru Əmir Əliyev “Azərbaycanda hüquq elminin və təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək, Ulu Öndərin birinci hakimiyyəti dövründən başlayaraq, hüquq sahəsi üzrə milli kadrların yetişdirilməsinə yönəlmiş işlər gördüyünü, apardığı uğurlu siyasətlə ölkəmizdə hüquq elminə çox böyük töhfələr verdiyini qeyd edib.

Elmi-praktiki konfrans işini müzakirələrlə davam etdirib.

Konfrans çərçivəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı və “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə görə Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.