Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın regional mərkəzləri autizmli şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirici tədbirlər keçirib

02-05-2023 343 dəfə oxunub
Ombudsmanın regional mərkəzləri autizmli şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirici tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Autizm maarifləndirmə ayı” çərçivəsində Ombudsmanın Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri tərəfindən “Autizm haqqında ictimaiyyətin məlumatlandırılması” və  “Erkən aşkarlamanın faydaları” mövzularında hüquqi maarifləndirmə tədbirləri təşkil edilib. Tədbirlərdə dövlət qurumlarının əməkdaşları, autizm spektr pozuntusu (ASP) olan uşaqların valideynləri, tələbələr və fəal gənclər daxil olmaqla, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Maarifləndirmə tədbirləri zamanı 2 Aprel - Ümumdünya Autizm Məlumatlandırma Gününün yaranma tarixi, mahiyyəti, məqsədi, habelə autizmin erkən uşaqlıq dövründə başlaması, autizmin simptomları, səbəbləri və nevroloji aspektlərindən bəhs olunub. İştirakçılar Müvəkkilin əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi ilə yanaşı autizmli şəxslərin hüquqlarının qorunmasının diqqət mərkəzində saxlanıldığı, bu kateqoriyadan olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların  hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu məqsədlə Ombudsman ASP olan uşaqlarla bağlı dövlət qayğısı haqqında xüsusi normativ hüquqi aktın və məqsədli dövlət proqramının qəbul edilməsini, bu uşaqların vaxtında məktəbəqədər və ümumi təhsil almaları üçün regionlarda müvafiq təhsil müəssisələri və reabilitasiya mərkəzlərinin yaradılmasını, həmçinin ixtisaslı kadr hazırlığının gücləndirilməsini təklif edib.

Sonda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Qərb Regional Mərkəzinin əməkdaşları autizm maarifləndirmə ayı çərçivəsində Heydər Əliyev Fondu və “Azergold” QSC-nin dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə ASP-dən əziyyət çəkən şəxslərin fərdi inkişafına dəstək məqsədi ilə istifadəyə verilmiş Gəncə Autizm Mərkəzini də ziyarət ediblər.