Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın təşəbbüsü ilə Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş hibrid formatda konfrans keçirilib

31-03-2023 284 dəfə oxunub
Ombudsmanın təşəbbüsü ilə Qubada 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş hibrid formatda konfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcması ilə birgə əməkdaşlıqda Quba Rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda hibrid formatda konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Qərbi Azərbaycan İcmasının rəhbərliyi, hüquq və tarix sahələri üzrə alimlər, milli azlıqların nümayəndələri, QHT və KİV nümayəndələri iştirak ediblər. 

Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Həmçinin Ombudsmanın təşəbbüsü ilə hazırlanmış “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri” mövzusunda sərginin açılışı olub. 

Konfransda giriş sözü ilə çıxış edən Ombudsman Səbinə Əliyeva 31 Mart soyqırımı qurbanlarının xatirəsini dərin hörmətlə anaraq, onlara Allahdan rəhmət diləyib. Soyqırımı qurbanlarının, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

S.Əliyeva erməni millətçiləri tərəfindən 31 Mart soyqırımının yalnız xalqımıza qarşı deyil, bəşəriyyətə qarşı törədildiyini, eyni zamanda beynəlxalq hüquqa görə sülh və insanlıq əleyhinə yönələn ən ağır cinayət olduğunu qeyd edib. 

Ombudsman Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalandığını və 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan olunduğunu bildirib. Erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi  qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmaq, soyqırımı qurbanlarının əziz xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında müvafiq sərəncam imzalandığı diqqətə çatdırılıb.

           S.Əliyeva Ermənistanın beynəlxalq hüquq normalarına zidd olaraq bu gün də müharibə cinayətləri törətməkdə davam etdiyini, habelə kifayət qədər əsaslı sübut və dəlillərin mövcudluğuna baxmayaraq, bəşəriyyət əleyhinə olan bu kimi cinayətlərə münasibətdə indiyədək beynəlxalq ictimaiyyətin ədalətli mövqe nümayiş etdirmədiyini bildirib. 

Sonra konfrans S. Əliyevanın moderatorluğu ilə çıxışlarla davam edib. 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli, deputat Vahid Əhmədov çıxışları zamanı 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində dinc insanlara qarşı törədilmiş soyqırımı cinayətləri ilə  bağlı məlumat veriblər. 

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Məmmədov, Qərbi Azərbaycan İcmasının şöbə müdiri Mirsalam Bəkirli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni soyqırımı cinayətinin hüquqi və tarixi aspektləri, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə və soyqırımı cinayətləri, soydaşlarımızın deportasiyası, habelə bu kimi cinayət əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu mövzularında məruzələrlə çıxış ediblər. 

Hibrid konfransda Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini Nimet Özkaya Sevim, Türkiyə Respublikası Nəcməddin Ərbakan Universitetinin dosenti Yusuf Sayın onlayn formatda çıxış ediblər. 

Konfransda həmçinin milli azlıqlardan ibarət icma nümayəndələrinin çıxışları dinlənilib. 

Yekunda Ombudsmanın 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə dair bəyanatı səsləndirilib. Həmin bəyanatla xalqımıza qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi və ədalətin bərpasına dəstək olmaq üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Tədbir müzakirə formatında davam etdirilib.