Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda aparılmış müstəqil yerində araşdırmanın nəticələrinə dair hesabat hazırlayıb

13-03-2023 252 dəfə oxunub
Ombudsman Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarda aparılmış müstəqil yerində araşdırmanın nəticələrinə dair hesabat hazırlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycanlılara qarşı etnik nifrət zəminində həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işini davam etdirir.

Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə (1988-1994-cü illər) Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara qarşı çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədilib.  

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, o cümlədən Xocəvənd rayonunun Edilli kəndində müxtəlif ağır işgəncələrlə qətlə yetirilmiş şəxslərin cəsədlərinin təhqir edilərək qeyri-insani formada dəfn edildiyi kütləvi məzarlıqların aşkar olunması faktı bunu bir daha təsdiq edir.

Bununla əlaqədar Ombudsmanın faktaraşdırıcı missiyası çərçivəsində Ombudsman Aparatının əməkdaşlarından ibarət ixtisaslaşdırılmış qrup tərəfindən Edilli kəndindəki kütləvi məzarlıqlarda müstəqil şəkildə yerində araşdırma həyata keçirilib və aparılmış monitorinq zamanı toplanmış təkzibolunmaz faktları özündə əks etdirən hesabat hazırlanıb.

Azərbaycanlılara qarşı kəskin etnik nifrətə əsaslanan çoxsaylı ağır cinayət əməllərinin  törədilməsində təqsirkar olan Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunmuş şəxslərin beynəlxalq ədalət mühakiməsinə cəlb olunması istiqamətində effektiv beynəlxalq hüquqi tədbirlərin görülməsi ilə bağlı  hesabatda dolğun faktlar toplanmışdır.

Hesabatın sonunda beynəlxalq təşkilatlara Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, hələ də sağ qalanların ölkəmizə təhvil verilməsi, əsir-girovluqda olduğu dövrdə qətlə yetirilən şəxslərin kütləvi şəkildə dəfn edildiyi yerlərin, habelə minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təqdim olunması, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə hüquqi məsuliyyət müəyyən edən təxirəsalınmaz tədbirlərin görülməsi üçün qəti mövqe nümayiş etdirilməsi barədə müraciət edilib. 

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara ünvanlanıb.

Hesabatın mətni ilə buradan tanış ola bilərsiniz.