Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman 2022-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

07-03-2023 263 dəfə oxunub
Ombudsman 2022-ci il üzrə məruzəsini Milli Məclisdə təqdim edib

Ombudsman Səbinə Əliyeva 7 mart 2023-cü il tarixində “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Əvvəlcə S.Əliyeva və Aparatın kollektivi Ombudsman təsisatının yaradılmasında xüsusi rola malik olmuş Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib. Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi də hörmətlə anılıb. Sonra Şəhidlər xiyabanı ziyarət edilib, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin unudulmaz xatirəsi hörmətlə yad olunub.

Daha sonra media nümayəndələrinə müsahibə verən S.Əliyeva illik məruzənin Milli Məclisdə təqdimatı zamanı toxunacağı məsələlər barədə qısa məlumat verib. Ombudsman həmçinin Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində pozulmuş insan hüquqlarına dair həqiqətlərin dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini, habelə Qərbi Azərbaycan İcması ilə səmərəli əməkdaşlığın bu il onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacağını vurğulayıb.

Milli Məclisdə çıxışı zamanı Ombudsman 2022-ci il ərzində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, həyata keçirilmiş fəaliyyət, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı məsələlərə diqqət çəkib. Eyni zamanda, Ombudsman ötən il üzrə məruzəsində ölkəmizdə insan hüquq və azadlıqlarının daha effektiv təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.

Qeyd edək ki, Ombudsmanın 2022-ci il üzrə məruzəsi təsisatın rəsmi internet səhifəsində yerləşdirilib və yayımlanması üçün müvafiq mətbuat orqanlarına təqdim olunacaqdır.