Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın hüquqları” mövzusunda tədbir keçirilib

06-03-2023 334 dəfə oxunub
Ombudsman tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın hüquqları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Ombudsman Aparatında “Heydər Əliyev İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın hüquqları” mövzusunda tədbir keçirilib.

İlk olaraq, S.Əliyeva Aparatın qadın kollektivini qarşıdan gələn  əlamətdar bayram münasibətilə təbrik edib və xoş arzularını bildirib. O, Azərbaycan tarixində qadına verilən dəyər və hörmət ənənələrindən bəhs edərək, Azərbaycan qadınının mehriban ana, qayğıkeş həyat yoldaşı, dövlət idarəçiliyində müdrik rəhbər olduğunu vurğulayıb. 

S.Əliyeva çıxışı zamanı hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyev tərəfindən qadınlara verilən böyük dəyərin təcəssümü olaraq onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayının təşkil edildiyini və bu hadisənin ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olduğunu, bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında iştirakının əsasının qoyulduğunu qeyd edib.

Ombudsman xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda, insan hüquqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib.

Qeyd olunub ki, qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına, sosial müdafiəsinin gücləndirilməsinə, bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların dövlət qulluğunda irəli çəkilməsinə, o cümlədən rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmasına diqqətin artırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbirdə ölkəmizdə misilsiz nailiyyətlər əldə olunmasında Azərbaycan qadınlarının, habelə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğu diqqətə çatdırılıb.

Daha sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və digərləri çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər.