Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib

28-02-2023 238 dəfə oxunub
Ombudsman Mərakeş Krallığında beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Ombudsman İnstitutunun 20 illiyi münasibətilə Krallığın Rabat şəhərində “Dövlət siyasətində insan hüquqlarının effektivliyinin inkişaf ölçüsünün təmin edilməsi: Ombudsmanlar və Mediatorların rolu nədən ibarətdir?” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.  

S.Əliyeva əvvəlcə Mərakeş Krallığının Ombudsmanını və qurumun kollektivini təsisatlarının 20 illiyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. 

Çıxışı zamanı Ombudsman son dövrlərdə dünyada təbii fəlakətlər və hərbi münaqişələr səbəbilə baş verən böhran vəziyyətlərinin insan hüquqlarına mənfi təsirinə diqqət çəkib, bu səbəbdən yaranan problemlərin həllində dünya dövlətlərinin həmrəyliyinin əhəmiyyətini vurğulayıb.  O, həmçinin təbii fəlakətlər, pandemiya və hərbi münaqişələr zamanı insan hüquqlarının səmərəli müdafiəsində milli insan hüquqları institularının rolunun önəmini qeyd edib.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyət istiqamətlərindən danışan Ombudsman pandemiya və hərbi münaqişə zamanı xüsusilə həssas əhali qruplarının hüquqlarının səmərəli müdafiəsi sahəsində təsisatın əldə etdiyi müsbət təcrübələr barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, bu kimi hallarda vətəndaşların Ombudsmana müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə çevik şəkildə reaksiyanın göstərilməsi olduqca vacibdir.   

44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışan Ombudsman müharibə və müharibədən sonrakı dövrdə həyata keçirdiyi faktaraşdırıcı missiyalar əsasında hazırlanan hesabatlar barədə iştirakçılara məlumat verib. Həmin hesabatların beynəlxalq insan hüquqları təşkilatlarına göndərildiyi və bir sıra beynəlxalq qurumlar tərəfindən həmin hesabatlara istinadlar edildiyi diqqətə çatdırılıb.  

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həmin ərazilərin işğalı dövründə Ermənistan tərəfindən basdırılan minalar insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə törədir, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarına ciddi maneə yaratmaqla regionda sülh prosesini də ləngidir. 

Yekunda Ombudsman dünya ictimaiyyətini insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına qarşı səssiz qalmamağa və birlik nümayiş etdirməyə çağırıb.

Konfrans məruzələr ətrafında müzakirə ilə işini davam etdirib.