Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Mərakeşdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib

28-02-2023 223 dəfə oxunub
Azərbaycan Ombudsmanı Mərakeşdə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Rabat şəhərində  keçirilən Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbirində iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov tədbir iştirakçılarını salamlayaraq, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlər haqqında məlumat verib. Səfir vurğulayıb ki, artıq bir çox dövlətlərin qanunvericilik orqanları, habelə beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini pisləyən qərarlar, qətnamələr qəbul edilib və bu istiqamətdə fəaliyyət hazırda da davam etdirilir.

Tədbirdə çıxış edən Ombudsman Xocalı soyqırımının ötən əsrdə bəşəriyyət əleyhinə baş vermiş ən dəhşətli cinayətlərdən biri olduğunu, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirildiyi bu faciənin əslində Ermənistanın uzun illər ölkəmizə qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin davamı olaraq törədildiyini bildirib.

Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfərin etnik mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla öldürüldüyü, 487 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı, 8 ailənin tamamilə məhv edildiyi, 130 uşağın valideynlərindən birini, 25 uşağın isə hər iki valideynini itirdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ombudsman çıxışında işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış, hazırda məcburi köçkünlərin öz azad edilmiş yurdlarına qayıdışına maneə törədən mina probleminə və Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyinin hələ də naməlum qalması məsələsinə toxunub.

S.Əliyeva Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi məqsədilə görülən ardıcıl tədbirlərin bu gün də dövlətimiz tərəfindən  “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində uğurla davam etdirildiyini bildirərək, tədbir iştirakçılarını ədalətin bərpası naminə bu kampaniyaya qoşulmağa çağırıb. 

Çıxışda həmçinin Ombudsman tərəfindən ənənəvi olaraq Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq və regional insan hüquqları təşkilatlarına, diplomatik nümayəndəliklərə bəyanat ünvanlandığı qeyd olunub.

31 il keçməsinə baxmayaraq, hələ də bu cinayətə beynəlxalq arenada hüquqi qiymətin verilmədiyini təəssüf hissi ilə qeyd edən Ombudsman yaxın gələcəkdə  bu  cinayət əməlini törətmiş şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi və bu qanlı əməlin soyqırımı kimi tövsif edilməsi istiqamətində qətiyyətli tədbirlərin görüləcəyinə inamını ifadə edib.