Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında tələbə və magistrantların praktikasına start verilib

25-02-2023 286 dəfə oxunub
Ombudsman Aparatında tələbə və magistrantların praktikasına start verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə ali təhsil müəssisələri arasında əməkdaşlığa müvafiq olaraq 5 universitetin tələbə və magistrantlarının təsisatda istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb. 2022/2023-cü tədris ili üzrə daxil olan məktublar əsasında praktikada Bakı Dövlət Universitetinin tələbə və magistrantları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dillər Universitetinin, Qərbi Kaspi Universitetinin və Bakı Avrasiya Universitetinin tələbələri iştirak edirlər.

Praktikanın ilk günündə Ombudsman Səbinə Əliyeva tələbə və magistrantlarla görüşərək, təsisatda təcrübə haqqında ümumi qaydaları onların diqqətinə çatdırıb. Daha sonra insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində görülən işlər, xüsusilə son  il ərzində həyata keçirilən struktur islahatları haqqında məlumat verib.

Görüş zamanı S.Əliyeva tələbə və magistrantlara təhsil və karyera ilə bağlı məsləhətlərini verib. Qeyd olunub ki, praktikantların ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri möhkəmləndirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək üçün əvvəlcə interaktiv formada tədris aparılacaq, növbəti mərhələdə isə tələbə və magistrantlar müxtəlif şöbə və sektorlarda iş prosesinə cəlb olunacaqlar.

Ombudsman insan hüquqları sahəsində bilik və bacarıqlar əldə etmələri üçün praktikantlara lazımi şərait yaradılacağını bildirib, eyni zamanda buraxılış işləri və magistrlik dissertasiyalarının yazılması üçün insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanasından faydalanmalarını tövsiyə edib.

Yekunda tələbə və magistrantlarla, habelə ali təhsil müəssisələrindən gələn təcrübə rəhbərləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.