Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbirləri Masallıda və Lənkəranda keçirilib

23-02-2023 304 dəfə oxunub
İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbirləri Masallıda və Lənkəranda keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi ilə bağlı növbəti maarifləndirici tədbirlər Masallı rayonunda və Lənkəran şəhərində təşkil edilib.

Tədbirlərdə yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və digər əməkdaşları çıxışları zamanı Ombudsmanın informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi funksiyasının icrası barədə məlumat veriblər. Tədbir iştirakçıları informasiya əldə etmək hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər haqqında da məlumatlandırılıblar.

Daha sonra mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib, informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, habelə Qanunun digər maddələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, informasiya əldə etmək hüququ ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirlərdə həmçinin “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətlərin Müvəkkilin səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırıldığı, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğuların göndərildiyi, protokolların tərtib olunduğu diqqətə çatdırılıb.

Yekunda iştirakçıların sualları cavablandırılıb və onlara informasiya əldə etmək hüququnun təmininə dair maarifləndirici bukletlər paylanılıb.