Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bəyanatı

19-01-2023 216 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Bəyanatı

Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuş, eyni zamanda, xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq və şərəfli səhifələrindən olan 20 Yanvar hadisələrindən 33 il ötür.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi.

Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların ölkəmizə qarşı ermənipərəst və qərəzli siyasətinə etiraz edən dinc, mülki azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə törədilmişdir. Sovet imperiyası tərəfindən günahsız insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır.

Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Azərbaycanın bir neçə rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir. 

Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə 1990-cı il 21 yanvar tarixində təzyiqlərə və çətinliklərə baxmayaraq, 20 yanvar tarixində baş vermiş insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirmiş, SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat vermişdir.

Ulu Öndər Heydər Əliyev 1990-ci ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmiş, onun Azərbaycan rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilmişdir.

20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması,digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi.

Baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində baş vermiş qanlı 20 Yanvar hadisələrinin, bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş cinayət kimi, beynəlxalq hüquq çərçivəsində qiymətləndiriləcəyinə, bu cinayəti törədənlərin qanun qarşısında cavab verəcəyinə və cinayətkarların cəzasız qalmayacaqlarına inanırıq.

Beynəlxalq təşkilatları və dünya ictimaiyyətini beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarına zidd olaraq insan hüquqlarının kobudcasına pozulması ilə nəticələnmiş 20 Yanvar faciəsinə tezliklə hüquqi qiymət verməyə çağırırıq.

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

19 yanvar 2023-cü il

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.