Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ahılların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

30-12-2023 13045 dəfə oxunub
Ahılların hüquqlarının müdafiəsi Ombudsmanın diqqət mərkəzindədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti çərçivəsində ahılların hüquqlarının təmini məsələsini diqqətdə saxlayır.

Bu məqsədlə Ombudsmanın tapşırığı əsasında mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində monitorinqlər həyata keçirilir.

Monitorinqlər zamanı bu müəssisələrdə yaşayan şəxslər üçün yaradılmış şəraitin müyəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, asudə vaxtın səmərəli təşkili, məlumatlandırma tədbirləri və bununla bağlı çap materiallarının paylanması, görünən yerlərdə asılması yerində yoxlanılır.

Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində həyata keçirilən növbəti monitorinq zamanı bütün inzibati, xidməti, həmçinin yataq və tibb otaqlarına baxış keçirilib. Müəssisəyə sonuncu başçəkmə zamanı aşkar olunan çatışmazlıqlarla bağlı verilmiş tövsiyələrin bir hissəsinin yerinə yetirildiyi müşahidə olunub.

Bununla yanaşı, ahılların sosial-psixoloji reabilitasiyası və inteqrasiyasına yönəlmiş tədbirlərin  artırılmasına, habelə vakant psixoloq ştatına təyinat aparılmasına ehtiyac olduğu müəyyən edilib.

Yeməkxanada aktual həftəlik yemək menyusunun olmadığı, xidmət göstərən personalın sayının azlığı müəyyən olunub.

Monitorinqin sonunda müəssisənin rəhbərliyinə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.

Qeyd edək ki, cari il ərzində Ombudsman tərəfindən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan ahıl və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilib, bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülüb.