Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan və Ukrayna ombudsmanları arasında onlayn görüş keçirilib

30-11-2022 280 dəfə oxunub
Azərbaycan və Ukrayna ombudsmanları arasında onlayn görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets arasında videokonfrans formatında görüş keçirilib.

Görüş zamanı insan hüquqlarının müdafiəsi sahəsində qurumlar arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətləri müzakirə edilib. Tərəflər həmçinin iki ölkə vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Ukraynadakı mövcud müharibə səbəbindən bu ölkənin Azərbaycana gələn vətəndaşlarının hüquqlarının müdafiəsi barədə danışarkən Ombudsman qaçqın və məcburi köçkünlərin, miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyət, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı hazırlanmış bukletlər haqqında həmkarına məlumat verib və həmin bukletlərin eyni zamanda Ukrayna dilinə də tərcümə edildiyini qeyd edib.

Beynəlxalq hüquq çərçivəsində ölkələrin ərazi bütövlüyünə hörmətin əsas meyar olduğunu vurğulayan S.Əliyeva regionda davamlı sülh, əmin-amanlıq və inkişafın təmin olunması ilə bağlı ombudsman və milli insan hüquqları təsisatlarının əməkdaşlığının vacibliyini qeyd edib. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi ilə bağlı uzun illərin təcrübəsinə malik olan Azərbaycan Ombudsman təsisatının bu istiqamətdə təcrübələrini bölüşməyə hazır olduğu bildirilib. 

Görüşdə S.Əliyeva Ukraynada saxlanılan və hazırda barələrində məhkəmə prosesi davam edən Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin vəziyyətlərindən narahatlığını bildirərək, onların hüquqlarının təmin olunması ilə bağlı məsələni bir daha həmkarının diqqətinə çatdırıb. Azərbaycan Ombudsmanının bununla əlaqədar əvvəlki müraciətləri nəzərə alınaraq qeyd olunan şəxslərin hüquqlarının təmini vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib.

Yekunda iki qurum arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində səylərin artırılacağına dair razılıq əldə edilib.