Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri Brüsseldə Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Baş Assambleyasının iclasında iştirak edib

25-11-2022 328 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri Brüsseldə Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin Baş Assambleyasının iclasında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) Baş Assambleyasının Brüssel şəhərində keçirilən toplantısında iştirak edib.

İki gün davam etmiş topantıda müxtəlif milli insan hüquqları təsisatlarının (MİHT) nümayəndələri MİHT-nın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri müsbət təcrübə, çətinliklər və fövqəladə vəziyyətlərdə həyata keçirilən fəaliyyət, bu təsisatların müstəqilliklərinin daha da artırılması və digər mövzularda müzakirələr aparıblar. Tədbir öz işini MİHT-lərin silahlı münaqişələr zamanı, miqrasiya və qaçqınların hüquqlarının müdafiəsi sahəsində roluna, habelə MİHT-lərin sözügedən sahələrdə mövcud təcrübələrinə, təhlükəsizlik və insan hüquqları sahələrinə dair müxtəlif sessiyalarla davam etdirib.

Aparat rəhbəri sözügedən sessiyalar çərçivəsində çıxış edərək, Azərbaycan Ombudsmanının sözügedən istiqamətlər üzrə fəaliyyəti barədə geniş məlumat verib. Daha sonra qaçqın və məcburi köçkün probleminə toxunan A.Səfixanlı Azərbaycanın digər ölkələrdən fərqli olaraq bu problemlə 30 il əvvəl üzləşdiyini və yalnız öz səyləri nəticəsində bu problemin doğurduğu nəticələri aradan qaldırdığını, məcburi köşkünlərin pozulmuş hüquq və azadlıqlarını bərpa etdiyini vurğulayaraq beynəlxalq təşkilatlar və bəzi Avropa ölkələri tərəfindən dünyada mövcud qaçqın və məcburi köçkün probleminə selektiv yanaşmanın qəbuledilməz olduğunu bildirib.  

Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslər üçün əsas problemin Ermənistanın işğalından azad edilmiş ərazilərdə infrastrukturun tamamilə dağıdılması, yeri dəqiq nişanlanmayan çox sayda minaların basdırılması kimi faktlar olduğu vurğulanıb. Eləcə də bütün bunların regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaratdığı qeyd olunub.

Bundan əlavə, Aparat rəhbəri Ukraynadakı müharibə nəticəsində digər ölkələrə pənah aparan qaçqınların hüquqlarının müdafiəsindən danışarkən Azərbaycan Ombudsmanının bu sahədə gördüyü işlər haqqında məlumat verib. O, Ombudsman Aparatı tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ ilə bağlı 4 dildə (Azərbaycan, rus, ingilis, Ukrayna) hazırlanmış bukletlərdən söhbət açıb, həmin bukletlərin nüsxələrini toplantı iştirakçılarına təqdim edib, Ombudsman tərəfindən ukraynalı qaçqın uşaqlara göstərilən dəstək barəsində məlumat verib. Azərbaycan Ombudsmanın bu sahədə həyata keçirdiyi fəaliyyət müsbət təcrübə kimi qiymətləndirilib və digər MİHT-nın bu təcrübədən nümunə götürmələri tövsiyə olunub.

Müzakirələr zamanı A.Səfixanlı Ombudsman tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı təmini məqsədilə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təsisatın səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanaraq Milli Məclisə təqdim edildiyini və həmin təkliflərdən ibarət layihənin birinci oxunuşdan keçdiyini vurğulayıb.