Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Polis Akademiyasında keçirilmiş beynəlxalq elmi-praktik konfransda çıxış edib

28-12-2022 355 dəfə oxunub
Ombudsman Polis Akademiyasında keçirilmiş beynəlxalq elmi-praktik konfransda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 74 illiyinə həsr olunmuş “Müasir dövrdə insan hüquqlarının aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Konfransa dövlət orqanlarının, publik hüquqi şəxslərin, yerli və xarici ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.

Ombudsman konfransda çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə milis orqanlarına göstərdiyi qayğını xatırladaraq, məhz Ulu Öndərin tələbkarlığı sayəsində Bakı Xüsusi Orta Milis Məktəbi və onun maddi-texniki bazasının inkişaf etdiyini, kadr cəhətdən möhkəmləndiyini və ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Akademiya səviyyəsinə qədər yüksəldiyini vurğulayıb. S.Əliyeva Akademiyanın hər zaman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

BMT Baş Məclisi tərəfindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətinə toxunan S.Əliyeva Ombudsman təsisatı olaraq 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində bu əlamətdar tarixlə əlaqədar tədbirlər və müsabiqələr keçirildiyini bildirib.

Çıxışda Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, ölkəmizdə insan hüquqlarının səmərəli təmini məqsədilə həyata keçirilmiş genişmiqyaslı hüquqi islahatlar nəticəsində milli qanunvericilik bazasının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, yeni dövlət proqramlarının qəbul edilməsi və institusional mexanizmlər sisteminin yenidən qurulması Ombudsman tərəfindən vurğulanıb.

S.Əliyeva konfrans iştirakçılarına Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti, bu günlərdə Milli Məclisdə qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihənin əhəmiyyəti haqqında da ətraflı məlumat verib.

Ombudsman çıxışında həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş yerində araşdırmalar barədə də danışıb.

Konfransda Ombudsman Aparatının və Polis Akademiyasının əməkdaşlarının birgə iştirakı və hüquq üzrə fəlsəfə doktoru S.Əliyevanın ümumi redaktəsi ilə hazırlanmış “İnsan hüquqları fənni üzrə praktikum” adlı tədris-metodiki vəsait iştirakçılara təqdim olunub.

Ombudsman Aparatının əməkdaşları da konfransda mövzu ilə bağlı təqdimatla çıxış edib, yekunda iştirakçılara sertifikatlar verilib.