Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonlarda yerləşən uşaq müəssisələrinə başçəkmələr keçirilib

12-11-2022 324 dəfə oxunub
Ombudsmanın Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonlarda yerləşən uşaq müəssisələrinə başçəkmələr keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonlar üzrə başçəkmələr həyata keçirilib.

Belə ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta internat məktəbində, Quba Xüsusi peşə məktəbində, Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada, Quba şəhər Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində monitorinqlər aparılıb.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd müəssisələrdə saxlanma şəraitinin və uşaqlarla rəftarın, asudə vaxtın təşkili, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrin gedişində saxlanma şəraiti ilə bağlı müəssisələrin sinif otaqlarına, yataqxanalarına, tibb məntəqəsinə, mətbəxə, digər inzibati otaqlara baxış keçirilib, habelə asudə vaxtın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı və sənədləşmə araşdırılıb.

Başçəkmələr çərçivəsində MPQ üzvləri müəssisələrin əməkdaşlarına və uşaqlara ünvanlanan maarifləndirici söhbətlər aparıblar.“Uşaq Hüquqları Aylığı”nın mahiyyəti, Uşaq Hüquqları Konvensiyasının əhəmiyyəti və tələbləri, ölkəmizdə uşaq hüquqlarının qorunması mexanizmləri, bu sahədə Müvəkkilin gördüyü işlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.