Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə iştirak edib

17-12-2022 338 dəfə oxunub
Ombudsman Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbirdə iştirak edib

18 Dekabr - Beynəlxalq Miqrant Günü münasibətilə “Azərbaycanda miqrantlar: bərabərlik, müxtəliflik və inklüzivlik” mövzusunda tədbir keçirilib. Tədbirdə miqrasiya sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun təmsilçiləri, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri və miqrantlar iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Zoltan Szalai, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya regionunun rəhbəri Radim Zak, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev çıxış edərək, bu günün əhəmiyyətindən danışıblar.

Çıxış zamanı Ombudsman könüllü və məcburi yerdəyişməyə məruz qalan şəxslərin mənşə və təyinat ölkələrinin inkişafına verdikləri töhfələrdən, o cümlədən kütləvi miqrant axını zamanı qaçqınların və digər həssas şəxslərin üzləşdikləri əsas çətinliklər və onların qarşısının alınması yollarından bəhs edib.

S.Əliyeva Ombudsman təsisatı tərəfindən miqrantların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülən sistemli işlərdən danışıb, miqrasiya sahəsində fəaliyyətin qlobal çağırışlara uyğun təkmilləşdirilməsi məqsədilə bir sıra tövsiyələr səsləndirib. O, miqrasiya proseslərinin mürəkkəbliyi və artan miqyasının ölkələr və regionlararası konstruktiv əməkdaşlıq, o cümlədən mütəşəkkil bir müdafiə mexanizminin yaradılmasını tələb etdiyini qeyd edib.

Sonra ölkəmizdə uzun illər yaşayan bir miqrantın həyat hekayəsinin, ölkəmizlə bağlı düşüncələrinin ekranlaşdırıldığı “48: Azərbaycana sonsuz sevgi ilə” adlı qısametrajlı film nümayiş olunub, eləcə də əcnəbilərin musiqi ifaları dinlənilib.  

Bununla yanaşı, tədbir çərçivəsində xarici ölkələrin mədəni irs, məişət və kulinariya nümunələrindən ibarət sərgi keçirilib, “Azərbaycanda miqrasiya sizin obyektivdə” müsabiqəsinə təqdim olunan fotosərgi nümayiş olunub və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.