Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları MOBILAZE-2 layihəsi çərçivəsində Avstriyaya səfər ediblər

10-11-2022 251 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları MOBILAZE-2 layihəsi çərçivəsində Avstriyaya səfər ediblər

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Ombudsman təsisatının tərəfdaş olduğu “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE-2)” layihəsinin “Miqrasiya idarəçiliyində insan hüquqlarının qorunması sahəsində potensialların gücləndirilməsi” komponenti üzrə Ombudsman Aparatının məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Avstriyaya təlim kursu təşkil edilib.

Həmin kursda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Aparatın sektor müdirləri Turan Cahangirova və Aynur Həmidova iştirak edirlər.

Səfərin ilk günündə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Vyana ofisində təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə rəhbəri Radim Zakla görüş keçirilib, miqrantların məcburi qayıdışı ilə bağlı təqdimatlar edilib.

A.Səfixanlı görüşdə Azərbaycan Ombudsman təsisatının beynəlxalq təşkilatların layihələrinin əsas tərəfdaşı olduğunu, xüsusilə də Avropa İttifaqının, MSİBM-in həyata keçirdiyi MOBILAZE-2 layihəsinin implementasiyasında yaxından iştirak etdiyini bildirib. Layihə çərçivəsində birgə çap vəsaitlərinin hazırlandığı, dövlət qurumları üçün müxtəlif təlimlərin təşkil edildiyi və layihə üzrə digər fəaliyyət istiqamətlərinin uğurla davam etdiyi diqqətə çatdırılıb. 

O, həmçinin 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarının 44 günlük Vətən müharibəsi nəticəsində azad edildiyini və həmin ərazilər üzrə sərhədlərdə nəzarətin yenidən Azərbaycana keçdiyini qeyd edib. İşğal dövründə İranla olan sərhəddən insan alveri, qaçaqmalçılıq, narkobiznes və digər müxtəlif cinayət əməllərinin törədilməsi üçün istifadə edildiyi bildirilib, hazırda Azərbaycanın tam nəzarəti altında olan sərhədlərdə idarəçiliyin gücləndirilməsi və texniki dəstəyin göstərilməsi, potensialların inkişafı və digər sahələrdə ehtiyacların qiymətləndirilməsi, yeni konseptual yanaşmanın hazırlanıb tətbiq edilməsinin vacibliyi vurğulanıb.

Daha sonra çıxış edən T.Cahangirova Azərbaycan Ombudsmanı tərəfindən miqrasiya dövriyyəsinin bütün mərhələlərində miqrantların müraciətlərinin individual ehtiyaclar nəzərə alınmaqla araşdırıldığını bildirib. O, çıxışında Azərbaycan Ombudsmanının xarici ombudsman təsisatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı, MPM mandatı, saxlama mərkəzlərinin monitorinqi, miqrasiya prosedurlarının həyata keçirilməsi və miqrantların hüquqlarının təmini və təbliği sahəsində fəaliyyəti barədə geniş məlumat verib. Xüsusən həssas təbəqədən olan miqrantların hüquqları ilə əlaqədar birgə fəaliyyətin həyata keçirilməsinin vacibliyi vurğulanıb. 

A.Həmidova isə çıxışında Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində həyata keçirilən fəaliyyət, xüsusilə bu istiqamətdə miqrantlara yönəlmiş tədbirlər, əcnəbilər üçün hazırlanmış maarifləndirici nəşrlər barədə ətraflı məlumat verib.

MSİBM-in nümayəndəsi R.Zak Azərbaycan Ombudsmanının miqrasiya sahəsində həyata keçirdiyi çoxşaxəli işləri yüksək qiymətləndirib, gələcək birgə əməkdaşlıqda maraqlı olduqlarını, səsləndirilən təkliflərin nəzərə alınacağını bildirib.

Sonda R.Zaka Azərbaycan Ombudsman təsisatının 20 illiyinə həsr olunmuş marka, Aparatın hazırladığı çoxsaylı maarifləndirici nəşrlər, Ombudsmanın Azərbaycana qarşı humanitar hüquq pozuntularının araşdırılmasına dair hesabat, bəyanat və müraciətlərinin elektron toplusu təqdim edilib.

Daha sonra Ombudsman Aparatının nümayəndələri Avstriyanın Saxlanılma və Dəstək Xidməti üzrə Federal Agentliyində görüş keçiriblər. Görüş zamanı qarşılıqlı məlumat, təcrübə və fikir mübadiləsi aparılıb.