Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları Danimarkada təcrübə səfərində olublar

13-12-2022 318 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları Danimarkada təcrübə səfərində olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının məsul əməkdaşlarından ibarət nümayəndə heyəti beynəlxalq əməkdaşlıq çərçivəsində Danimarka İnsan Hüquqları İnstitutunda biznes və insan hüquqları sahəsində təcrübə mübadiləsi aparmaq məqsədilə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinə səfər ediblər.

BMT-nin dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Danimarka İnsan Hüquqları İnstitutunun icraçı direktoru və rəhbər heyəti ilə yanaşı, həmçinin BMT-nin aidiyyəti eksperti və biznes və insan hüquqları sahəsində Danimarkada uzunmüddətli təcrübəyə malik “DanChurchAid” adlı vətəndaş cəmiyyəti institutunun rəhbəri ilə də görüş keçirib, onların fəaliyyəti ilə yaxından tanış olub.    

Danimarka İnsan Hüquqları İnstitutunda keçirilən görüşlərdə biznes və insan hüquqları sahəsində milli insan hüquqları institutlarının rolu, aidiyyəti beynəlxalq və regional mexanizmlərlə işin təşkili, BMT-nin insan hüquqları baxımından korporativ məsuliyyət çərçivəsini müəyyənləşdirən Biznes və İnsan Hüquqlarına dair Rəhbər Prinsipləri, Dayanıqlı İnkişaf Məqsədləri və digər aidiyyəti mövzularla bağlı müzakirələr aparılıb. Görüş zamanı həmçinin Danimarkada biznes və insan hüquqları sahəsində çoxtərəfli əməkdaşlığın koordinasiyası, vətəndaş cəmiyyətinin bu sahədəki rolu və digər ölkələrdə biznesin inkişafına dəstək layihələri barədə məlumat verilib.

Azərbaycanda biznes və insan hüquqları sahəsində fəaliyyətin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyan bu təcrübə səfəri, eyni zamanda, Azərbaycan və Danimarkanın milli insan hüquqları təsisatları arasında əməkdaşlığın gücləndirilməsi üçün də münbit zəmin yaradıb. Görüşlər zamanı biznes və insan hüquqları ilə bağlı qabaqcıl milli insan hüquqları institutlarından sayılan Danimarka İnsan Hüquqları İnstitutunun bu sahədə Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib və bu istiqamətdə müzakirələr aparılıb.

Yekunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatları və Aparatda hazırlanmış maarifləndirici nəşrlər qurumun nümayəndələrinə təqdim olunub.