Avropa İttifaqı və Avropa Şurasının birgə həyata keçirdiyi “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” birgə proqramı çərçivəsində “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi üzrə Azərbaycanın müvafiq dövlət qurumları nümayəndələrinin İspaniyaya təlim səfəri təşkil olunub. Səfərin məqsədi qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında İspaniya təcrübəsi ilə tanışlıq olub.
Təlim səfərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Aytən Tarverdiyeva, Tahirə Rəhimova da iştirak ediblər. Səfər çərçivəsində iştirakçılar İspaniyanın Bərabərlik Nazirliyində, Məişət və Gender əsaslı zorakılığa dair Dövlət Observatoriyasında, Gender əsaslı zorakılıq üzrə ixtisaslaşmış məhkəmədə, Daxili İşlər Nazirliyinin tabeliyindəki Ailə və qadın mərkəzində, Koordinasiya və Araşdırmalar üzrə Baş idarəsində, Təhlükəsizlik üzrə Dövlət katibliyində, həmçinin “Cometa” idarəetmə və “016 Çağrı mərkəzlərində görüşlər keçiriblər.
Görüşlər zamanı həmin qurumların səlahiyyətli nümayəndələri gender əsaslı zorakılığın qarşısının alınması və ona qarşı mübarizəyə dair İspaniya təcrübəsi, bununla bağlı ixtisaslaşmış məhkəmə, vətəndaş cəmiyyəti və çağrı mərkəzlərinin fəaliyyəti haqqında geniş məlumat veriblər.
İnteraktiv müzakirələr zamanı nümayəndə heyəti üzvləri tərəfindən Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması ilə bağlı həyata keçirilən kompleks tədbirlər, o cümlədən, Azərbaycan Ombudsmanının bu sahədəki təcrübəsi barədə məlumat verilib.