Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

05-11-2022 1588 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən "Uşaq Hüquqları Aylığı" çərçivəsində tədbirlər keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqlar ıüzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi  tərəfindən  “Uşaq Hüquqları Aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi,Dini Qurumlarla İşüzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran rayonu Ə.Xalıqov adına Rvo kənd tam orta məktəbi və  M.Cəbrayılov adına Şovu kənd tam orta məktəbində “Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi kimi” və "Uşaqlar arasında milli-mənəvi dəyərlərimizin təbliği"  mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov  məktəb direktorları, psixoloq, uşaq birliyi rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə çıxış edərək, bütün əhali qrupları kimi uşaqlarında daim Ombudsmanın diqqət mərkəzində olduğunu bildirib.

Çıxış zamanı “Uşaq Hüquqları Aylığı”nın keçirilməsinin məqsədi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsindəki geniş fəaliyyəti, bu sahədə verilən səmərəli təkliflər, beynəlxalq müdafiə mexanizmləri, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması,  916 nömrəli Çağrı Mərkəzi və digər mühüm müddəalar haqqında məlumat təqdim olunub.

Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbində Ombudsmanın Cənub Regional Mərkəzinin, Masallı Rayon Heydər Əliyev Mərkəzinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı Rayon Polis Şöbəsinin və DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə uşaqlarda sağlam həyat tərzi-narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma, anti-sosial davranışların qarşısının alınması, qanunla ziddiyyətdə olan uşaqlar, valideyn baxımsızlığı ilə bağlı “Heç bir uşağı nəzərdən qaçırmayaq”, “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzularında 8 məktəbin şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Bundan başqa, Masallıda Göyəçöl kənd N.Həsənov adına tam orta məktəbin, Masallı rayon F. Xancanov adına Musakücə kənd tam orta məktəbinin və Hüseynhacılı kənd tam orta məktəbinin 9-11-ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil edilib.

Şagirdlərə Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyəti, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsi, Vətən müharibəsi və müharibədən sonrakı dövrdə apardığı effektiv iş haqqında geniş məlumat verilib.

Daha sonra Z.İsmayılov “Uşaq hüquqlarının səmərəli müdafiəsi Müvəkkilin fəaliyyət istiqamətlərindən biri kimi” mövzusunda çıxış edib.

Tədbirlərin yekununda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Masallı ASAN Xidmət Mərkəzinin könüllüləri üçün “Hər kəs doğulduğu andan bərabər və ayrılmaz hüquqlara malikdir” adlı maarifləndirici tədbir keçirilib.