Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb

01-11-2022 297 dəfə oxunub
Ombudsman Aparatı ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb

Ombudsman Aparatında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və MSİBM-nın Brussel Missiyasının həyata keçirdiyi “MEIUX+” Fəaliyyəti çərçivəsində ekspertlərin görüşü təşkil edilib. Görüşün məqsədi insan alveri ilə mübarizə kontekstində insan hüquqlarının təmini sahəsində Ombudsman Aparatının mövcud fəaliyyəti ilə bağlı ehtiyacların qiymətləndirilməsi və həmin layihə üzrə əməkdaşlıq sahələrinin müəyyən edilməsindən ibarət olub.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq, əhalinin ayrı-ayrı qruplarının, o cümlədən miqrantların hüquqlarının müdafiəsi, onların davamlı maarifləndirilməsi və digər əlaqəli sahələrdə Azərbaycan Ombudsmanının təcrübəsini qeyd edib. O, insan alveri ilə mübarizə sahəsində səylərin birləşdirilməsi, miqrasiya sahəsində çalışan şəxslərin potensialının gücləndirilməsi üzrə Ombudsman tərəfindən davamlı təşəbbüs və tövsiyələrin irəli sürüldüyünü bildirib. 

O, vurğulayıb ki, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva miqrasiya prosesləri iştirakçısı olan bütün fiziki şəxslərin hüquqlarının təmini və təşviqi, xüsusilə məcburi yerdəyişməyə məruz qalan daxili miqrantların hüquqlarının bərpası, onların səmərəli repatriasiyasının təşkili məsələlərinə xüsusi diqqət yetirir və bu sahədə fəaliyyətini genişləndirir. Ölkə Ombudsmanı işğaldan azad edilmiş torpaqlarımızda minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi, məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz dədə-baba yurdlarına qayıtmaları məqsədilə müharibə və post-müharibə dövrlərində beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edib.

Aparatın əməkdaşları Turan Cahangirova və Aynur Həmidova miqrasiya qanunvericiliyinin müasir tələblərə uyğunlaşdırılması,  miqrasiya və insan hüquqlarının əlaqəli idarəolunması sahəsində praktiki və innovativ təc­rü­bələrin tətbiqi məqsədilə xarici dövlətlərin ombudsmanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini, Ombudsmanın MPM və İnformasiya əldə etmək hüququnun təmini sahəsində həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat veriblər. Onlar qabaqcıl təcrübə və müasir metodologiyalar vasitəsilə rəqəmsallaşmanın təşviqi, insan alveri ilə mübarizənin milli, regional və qlobal səviyyədə gücləndirilməsinin, birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Səmimi qəbula və fikir mübadiləsinə görə təşəkkür edən MSİBM-nın nümayəndəsi Anna Melençuk və beynəlxalq ekspert Könül Cəfərova hər iki qurum arasında miqrasiya sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini, bundan sonra da əlaqələrin daim inkişaf edəcəyindən əminliklərini ifadə ediblər. 

Görüşdə, həmçinin İnsan Alverinə qarşı QHT Koalisiyasının üzvləri də iştirak ediblər.

Sonda qonaqlara Ombudsman Aparatının insan hüquqları sahəsində miqranların və aidiyyəti dövlət qurumlarının məlumatlandırılmasına dair informativ broşürları təqdim edilib.