Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbirdə çıxış edib

27-10-2022 332 dəfə oxunub
Ombudsmanın nümayəndəsi “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbirdə çıxış edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda nəzərdə tutulmuş tələblərin icrası məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda tədbir keçirilib. Sabunçu Gənclər Evində təşkil olunan tədbirdə bir sıra qurumlarının nümayəndələri, təhsil müəssisələrinin müəllim və şagird heyəti iştirak ediblər.

Həmin tədbirdə Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva iştirak edib. O, çıxışında uşaq hüquqlarının müdafiəsi, təbliği və təşviqi sahəsində Ombudsmanın fəaliyyəti barəsində məlumat verib.

A.Tarverdiyeva “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının qəbul olunmasının ildönümü ərəfəsində uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini bildirib.

Çıxış zamanı diqqətə çatdırılıb ki, həmin aylıq çərçivəsində uşaq hüquqları üzrə maarifləndirmə işinin gücləndirilməsi üçün Ombudsman təsisatı tərəfindən bir sıra mövzularda, o cümlədən erkən evliliyin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinə dair təlimlər keçirilir. Tədbirlərdə qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması, habelə məişət zorakılığının aradan qaldırılması, ana və körpə ölümü ilə bağlı məsələlərin də müzakirə edildiyi qeyd olunub.