Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Qırğızıstanda beynəlxalq elmi-praktik konfransda iştirak edir

26-10-2022 11074 dəfə oxunub
Azərbaycan Ombudsmanı Qırğızıstanda beynəlxalq elmi-praktik konfransda iştirak edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qırğız Respublikasının Ombudsman İnstitutunun 20 illik yubileyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsində ombudsman təsisatlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edir.

Beynəlxalq konfransda S.Əliyeva giriş sözü ilə çıxış edib. O, Qırğızıstan Ombudsmanına dəvətə görə təşəkkürünü bildirərək, təsisatın 20 illiyi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Ombudsmanı konfransın “Miqrant uşaqların hüquqlarının müdafiəsində milli insan hüquqları institutlarının qarşılıqlı fəaliyyəti” adlı hissəsində məruzə ilə çıxış edib. Çıxışı zamanı miqrasiya problemlərindən danışan S.Əliyeva miqrant, habelə qaçqın və məcburi köçkün uşaqların hüquq və azadlıqlarının müdafiəsi vəziyyəti və bu istiqamətdə milli insan hüquqları institutlarının üzərinə düşən vəzifələr barəsində məsələlərə toxunub.   

Azərbaycanda Ombudsman təsisatının fəaliyyətindən söz açan  S.Əliyeva uşaqların, o cümlədən miqrant, qaçqın və məcburi köçkün uşaqların müdafiəsi, təminatı və inkişafına  xüsusi diqqət yetirildiyini bildirib.

Müvəkkil əhalinin bütün qruplarının, eləcə də, miqrantların, qaçqın və məcburi köçkünlərin  hüquqlarının müdafiəsi məqsədilə təsisatda 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzinin yaradıldığını nəzərə çatdırıb. Çıxış zamanı iştirakçılara Ombudsman Aparatının maarifləndirici nəşrləri barədə də məlumat verilib.

Bununla yanaşı, Ombudsman Aparatının əməkdaşlarının qaçqın, məcburi köçkün və sığınacaq axtaran ailələrin iştirakı ilə mütəmadi tədbirlər təşkil etdiyi, onlara hüquq və vəzifələri barədə məlumat verildiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Ombudsman çıxışında həmçinin uzun illər ərzində fundamental hüquqları pozulmuş azərbaycanlı məcburi köçkünlərin Ermənistanın işğalından azad olunmuş doğma torpaqlarına qayıdışı ilə bağlı görülən işlərə toxunub. O, həmin ərazilərdə basdırılmış minaların səbəb olduğu fəsadlar, dörd minə yaxın əsir, girov, itkin düşmüş hesab edilən soydaşımız barədə məlumat verərək, Ermənistanın törətdiyi cinayətlərin qurbanları arasında çoxsaylı uşaqların da olduğunu bildirib.

Sonda S.Əliyeva keçirilən konfransın  insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq əlaqələrinin  təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə inandığını bildirib.