Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Strasburqda Anım Günü ilə bağlı tədbirdə çıxış edib

28-09-2022 342 dəfə oxunub
Ombudsman Strasburqda Anım Günü ilə bağlı tədbirdə çıxış edib

Ombudsman Səbinə Əliyeva Fransa Respublikasına rəsmi səfəri çərçivəsində 27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak edib. Tədbirə Strasburqdakı Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyət nümayəndələri də qatılıblar.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhu ehtiramla yad edilib. 

Ombudsman tədbirdə çıxışı zamanı xalqımızın Anım Günündə həm də qürur duyduğunu bildirib. S.Əliyeva qeyd edib  ki, Birinci Qarabağ müharibəsi nəticəsində azərbaycanlıların çoxsaylı fundamental hüquqları kobudcasına və kütləvi şəkildə pozulmuşdur. Ombudsman 30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faizə yaxın ərazisinin işğalına münasibətdə beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlar tətbiq olunmasının, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinin  təəssüf doğurduğunu bildirib. 

Çıxışda İkinci Qarabağ müharibəsindən sonra bütün dünya ictimaiyyətinin Azərbaycanın öz torpaqlarını azad edərək haqq-ədaləti bərpa etməsinə, Ermənistanın işğal zamanı kütləvi dağıntılar törətdiyi, ekoloji terrora məruz qoyduğu, minalarla çirkləndirdiyi əraziləri dirçəltməsinə şahidlik etdiyi vurğulanıb. Ombudsman həmçinin əlavə edib ki, hazırda Azərbaycan xalqı “Böyük Qayıdış” sevincini yaşayır.  

S.Əliyeva çıxışı zamanı şəhidlərimizin övladlarının bizə əmanət olduğunu, eləcə də, müharibədən sonra Ombudsman təsisatında şəhid ailələri və müharibə veteranlarının hüquqları ilə əlaqədar sektor yaradıldığını bildirib.

Tədbirin yekununda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımıza həsr olunmuş videoçarx nümayiş etdirilib, musiqi kompozisiyaları səsləndirilib.