Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yeni təkmilləşdirilmiş rəsmi internet səhifəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində müxtəlif media qurumları, o cümlədən xəbər agentlikləri və televiziya kanallarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının sektor müdiri Emil Şahzadə Aparatın rəsmi internet səhifəsinin yenidən hazırlanmasında və təkmilləşdirilməsində məqsədin bütün istifadəçilər, o cümlədən Ombudsmana müraciət edən bütün şəxslər üçün saytın daha əlçatan olmasının təmin edilməsi, müraciət və sorğuların daha operativ şəkildə cavablandırılmasından ibarət olduğunu vurğulayıb.
Daha sonra Aparatın sektor müdiri İnsaf Nəsirov yenilənmiş saytın üstünlükləri və funksionallığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, yeni saytda xüsusi kateqoriyaya aid olan insanların əlçatanlığını təmin etmək məqsədilə yeni imkanların yaradıldığını, saytın bölmələrinin sayının artırıldığını, sayt vasitəsilə canlı yayım, o cümlədən maarifləndirici tədbirlərin interaktiv şəkildə onlayn keçiriləcəyini, foto və video arxivin zənginləşdirildiyini qeyd edib.