Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransı başa çatıb

20-10-2022 11078 dəfə oxunub
“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransı başa çatıb

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının 2-ci günü sessiyalarla davam etdirilib.

“Müvafiq insan hüquqları alətləri və standartlarının icrasına hesabat vermək və nəzarət etmək üçün beynəlxalq və regional insan hüquqları mexanizmləri ilə qarşılıqlı əlaqə”  mövzusuna həsr edilmiş IV sessiyada Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç moderatorluq edib.

Sessiyada Azərbaycan Respublikasının Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Hacı Ali Açıkgül, BMT və beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə mövzu üzrə məruzələrlə çıxış ediblər. Koreya Respublikasının Korrupsiyaya Qarşı Mübarizə və Mülki Hüquqlar Komissiyasının sədri Jeon Hyun-Heui isə məruzəsini videoformatda təqdim edib.

Konfransın sonuncu – V sessiyası “Milli insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyəti təşkilatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda olub. BMT eksperti A.Şahidzadənin moderatorluq etdiyi sessiyada Qazaxıstanın İnsan Hüquqları üzrə Müvəkkili Elvira Azimova, Milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu üzrə ekspert Jernej Letnar, biznes və insan hüquqları üzrə mütəxəssis Sinişa Milatoviç məruzələrlə çıxış ediblər.

Hər bir sessiyadan sonra keçirilən sual-cavab hissəsində mövzular ətrafında müzakirə aparılıb. Çıxışlar zamanı beynəlxalq səviyyədə insan hüquqları  pozuntularına reaksiya verilməsinin vacibliyi vurğulanıb.

Konfransın sessiyaları bitdikdən sonra Ombudsman təsisatının 20 illiyinə həsr edilmiş marka istifadəyə verilib. Yeni poçt markasının nümunəsi Azərbaycan Ombudsmanı Səbinə Əliyeva tərəfindən bir sıra konfrans iştirakçılarına təqdim olunub.

Yekunda Bakı Beynəlxalq Konfransının Birgə Bəyannaməsinin mətni iştirakçıların diqqətinə çatdırılıb.