Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illik yubileyi münasibətilə 19-20 oktyabrda “Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransı keçirilir.
Konfransın məqsədi biznes və insan hüquqları sahəsində mövcud tendensiyalar və çağırışlar barədə müzakirə aparılması, müsbət ölkə təcrübələrinin paylaşılmasıdır.
Beynəlxalq konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq Konq, Şimali Kipr, Səudiyyə Ərəbistanı, Qırğızıstan, İran, Özbəkistan, Qazaxısan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edirlər.
Konfransın ilk günündə Ombudsman Səbinə Əliyeva və qonaqlar əvvəlcə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Ombudsmanı Səbinə Əliyeva 20 illik fəaliyyət dövründə təsisat tərəfindən görülmüş işlər, insan hüquqlarının müdafiəsi sahəsində qarşıda dayanan vəzifələr, biznes və insan hüquqları sahəsində aktual problemlər barədə danışıb. Ombudsman həmçinin Ermənistanın işğal dövründə və postmüharibə dövründə ölkəmizə qarşı törətdiyi insan hüquq pozuntularına da toxunub.
Açılış mərasimində daha sonra Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Rzayev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər.
Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Konfrans çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra Azərbaycan və Mərakeş ombudsmanları əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
İmzalanma mərasimindən sonra konfransın sessiyaları öz işinə başlayıb.
“Ombudsmanlar və milli insan hüquqları təsisatlarının iqtisadi və sosial hüquqların müdafiəsində rolu” adlı I sessiyada BMT və beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə moderatorluq edib. Sessiyanın məruzəçiləri qismində Türkiyə Respublikasının Baş Ombudsmanı Şeref Malkoç, Pakistanın Federal Ombudsmanı Ejaz Ahmad Qureşi, Mərakeş Krallığının Ombudsmanı Mohamed Benalilou çıxış ediblər. Çin Milli Nəzarət Komissiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru Cai Vei isə videokonfrans formatında fikirlərini paylaşıb.
“BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinin icrasına dair mövcud təşəbbüs, imkan və problemlər” adlı II sessiyada Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc moderator olub. Sessiyada məruzəçi qismində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin İnzibati Məsləhət İdarəsinin direktoru Vatanabe Hiroyuki, Moldovanın Xalq Müdafiəçisi Çeslav Paniko çıxış ediblər.
Ombudsmanlar və milli insan hüquqları təsisatlarının biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarına dair şikayətlərin monitorinqi, qəbulu və pis idarəetmə ilə mübarizədə roluna dair III sessiyada BMT İnkişaf Proqramının Qanunun Aliliyi, Təhlükəsizlik və İnsan Hüquqları üzrə Siyasi Eksperti Ainura Bekkoenova moderatorluq edib. Sessiyada İndoneziya Respublikasının Ombudsman Ofisinin rəhbəri Mokhammad Najih, İranın Ümumi Təftiş Təşkilatının vitse-prezidenti Ahmad Rahmanian, Özbəkistan Ali Məclisinin İnsan Hüquqları üzrə Səlahiyyətli Şəxsi (Ombudsman) Feruza Eşmatova və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun İdarə Heyətinin üzvü Dilek Ertürk çıxış ediblər.
Sessiyalardan sonra mövzularla bağlı suallar səsləndirilib, müzakirə aparılıb.
Qeyd edək ki, konfrans sabah sessiyalarla işinə davam edəcəkdir. İkigünlük konfransdan sonra xarici ombudsmanlar və milli insan hüquqları təsisatları rəhbərlərinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri təşkil olunacaqdır. Səfər zamanı Ağdamda Ermənistan işğalı dövründə törədilmiş kütləvi dağıntılarla yerində tanışlıq keçiriləcəkdir.