Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüş keçirib

12-10-2022 11088 dəfə oxunub
Ombudsman Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.

Tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman qonağa müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə uşaqların, əlilliyi olan şəxslərin, miqrantların hüquqlarının təmini istiqamətində görülən tədbirlərə toxunulub.

2021-ci ildə hüququn aliliyi və yaxşı idarəçiliklə bağlı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ombudsman Aparatı tərəfindən regionlarda yerli dövlət strukturları və vətəndaş cəmiyyəti nümayəndələri üçün keçirilən təlim kurslarından danışan Ombudsman belə təlimlərin cəmiyyətdə hüquq mədəniyyətinin inkişafı və yaxşı idarəetmənin təbliği baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Ombudsman həmçinin Vətən müharibəsi və postmüharibə dövründə fəaliyyəti, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması faktlarına dair hesabatları barədə danışıb.

Bununla yanaşı, 4000-ə yaxın itkin düşmüş azərbaycanlı ilə bağlı mövzunun dəfələrlə qaldırılmasına baxmayaraq, qarşı tərəfin həmin insanların taleyinə aydınlıq gətirilməsi ilə bağlı hər hansı addım atmadığı nəzərə çatdırılıb. 

Görüş zamanı insan hüquqlarının təbliği və maarifləndirmə sahəsində birgə əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Öz növbəsində səfir R.Horlemann görüşə görə minnətdarlığını ifadə edərək, Ombudsmanla əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Yekunda Ombudsman Aparatının nəşr etdiyi maarifləndirici vəsaitlər qonaqlara təqdim olunub.