Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ermənistanın Gəncəyə hərbi hücumlarının ildönümü ilə əlaqədar tədbirlər keçirilib

11-10-2022 262 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Ermənistanın Gəncəyə hərbi hücumlarının ildönümü ilə əlaqədar tədbirlər keçirilib

2020-ci ilin oktyabrın 11-də Ermənistanın beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncədə çoxmənzilli yaşayış binalarını raket atəşinə tutmasından iki il ötür. Həmin hərbi hücum nəticəsində 4-ü qadın olmaqla 10 mülki şəxs həlak olub, 40-a yaxın insan yaralanıb, yaşayış və müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinə ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə 11 oktyabr tarixində etdiyi raket hücumunun ikinci ildönümü ilə əlaqədar Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları mülki şəxslərin həlak olduğu və yaralandığı həmin yaşayış məntəqəsini ziyarət ediblər.

Bununla  yanaşı, Gəncədə törədilmiş müharibə cinayətləri ilə bağlı Ombudsmanın Qərb Regional Mərkəzi və Gəncə Maarif Evi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ermənistan tərəfindən pozulmuş beynəlxalq humanitar hüquq normaları” mövzusunda hüquqi maarifləndirici tədbir təşkil edilib.

Tədbirdə  əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçılara beynəlxalq humanitar hüququn əsas mənbəyi olan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və 1977-ci ildə qəbul edilmiş iki Əlavə Protokol barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, ümumilikdə Vətən müharibəsi dövründə Ermənistanın Gəncə şəhərini hədəfə alaraq törətdiyi terror aktları nəticəsində qadın və uşaqlar da daxil olmaqla 26 mülki şəxs şəhid olub, 175 nəfər isə yaralanıb. Bundan başqa, şəhərin yaşayış binalarına, tarixi, mədəni və dini abidələrinə, nəqliyyat vasitələrinə, habelə digər mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Tədbir zamanı iştirakçılara Ermənistanın ölkəmizin Gəncə şəhərində və digər regionlarında törətdiyi müharibə cinayətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması məqsədilə Ombudsman Səbinə Əliyeva tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyalar, habelə hazırlanmış hesabatlar və bəyanatlar barədə də məlumat verilib.