Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Litvanın bərabər imkanlar və uşaq hüquqları üzrə ombudsmanları ilə görüş keçirib

10-10-2022 269 dəfə oxunub
Azərbaycan Ombudsmanı Litvanın bərabər imkanlar və uşaq hüquqları üzrə ombudsmanları ilə görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Litva Respublikasına rəsmi səfər edib. 

Səfər çərçivəsində S.Əliyeva Litva Respublikasının bərabər imkanlar üzrə ombudsmanı Birute Sabatauskaite ilə görüş keçirib. 

Ombudsman görüşdə təsisatın fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verərək, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərlə bağlı layihənin Milli Məclisə təqdim edildiyini diqqətə çatdırıb. O, həmçinin ayrı-seçkiliklə mübarizə sahəsində Azərbaycan Ombudsmanının səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təkliflərin də layihədə yer aldığını bildirib. Ombudsmanın səsvermədə iştirak etmək üçün hər kəsə, o cümlədən əlilliyi olan şəxslərə bərabər imkanların yaradılması ilə bağlı tövsiyələri də nəzərə çatdırılıb.

Bundan başqa, Ombudsman Aparatı ilə Konstitusiya Məhkəməsi arasında səmərəli əlaqələr, göndərilmiş sorğular barədə məlumat verilib. 

Öz növbəsində B.Sabatauskaite rəhbərlik etdiyi təsisatın fəaliyyət istiqamətləri, xüsusən gender bərabərliyinin təmini ilə bağlı görülən işlər və digər səlahiyyətləri haqqında danışıb.

S.Əliyeva səfəri çərçivəsində növbəti görüşünü Litva Respublikasının uşaq hüquqları üzrə ombudsman Edita Ziobiene ilə keçirib.

Azərbaycan Ombudsmanı uşaq hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyəti haqqında məlumat verib, 2021-ci ildə Aparatın strukturunda Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradıldığını qeyd edib.

S.Əliyeva uşaq hüquqları üzrə ombudsmanla görüşündə Ermənistan tərəfindən İkinci Qarabağ müharibəsi dövründə uşaq hüquqlarının pozulmasına dair faktları əks etdirən ayrıca hesabatı haqqında məlumat verib. Ombudsman həmçinin Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 3890 azərbaycanlı arasında uşaqların da olduğunu, Xocalı soyqırımı nəticəsində çox sayda uşağın qətlə yetirildiyini və valideylərini itirdiyini diqqətə çatdırıb.

E.Ziobiene çıxışında rəhbərlik etdiyi qurumun uşaqların hüquqlarının və ən mühüm maraqlarının müdafiəsi istiqamətində fəaliyyətindən danışıb. Müharibə ilə əlaqədar həmin ölkəyə gəlmiş qaçqın uşaqların hüquqlarının təmini istiqamətində görülən işlərə də toxunulub. 

Görüşlər zamanı Ombudsmanın müharibə və postmüharibə dövründə pozulmuş insan hüquqlarına dair hesabatları Litva rəsmilərinə təqdim edilib.