Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri Malayziyada keçirilən beynəlxalq tədbirdə çıxış edib

06-10-2022 385 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri Malayziyada keçirilən beynəlxalq tədbirdə çıxış edib

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının "İslam perspektivində qaçqınların hüquqlarının müdafiəsi: onların təhsilə çatım hüquqları" mövzusunda təşkil olunmuş 8-ci beynəlxalq seminarında məruzə ilə çıxış edib. 

A.Səfixanlı müsəlman ölkələrinin qaçqın və məcburi köçkün problemi ilə daha çox qarşılaşdığını qeyd edərək, bu əhali qrupunun hüquqlarının müdafiəsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.

Çıxış zamanı bu problemdən ciddi şəkildə əziyyət çəkən ölkələrdən birinin də məhz Azərbaycan olduğu qeyd olunub. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımızın uzun illər qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların bir çox hüquqları ilə yanaşı, təhsil hüquqlarının da kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.

Vətən müharibəsində Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş torpaqlarını azad etdiyi, bununla da məlum BMT qətnamələrinin icrasını təmin etdiyi qeyd olunub. A.Səfixanlı hazırda keçmiş məcburi köçkünlər üçün öz doğma torpaqlarına qayıtmaq imkanı yaransa da, işğaldan azad edilmiş ərazilərdəki sosial infrastrukturun dağıdılmasının və yüz minlərlə minanın mövcudluğunun bu prosesi əngəllədiyini və ləngitdiyini bildirib.

Dövlət tərəfindən keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları üçün kompleks tədbirlərin həyata keçirildiyi, o cümlədən yaşayış binalarının, məktəblərin, xəstəxanaların, beynəlxalq hava limanlarının tikildiyi, yollar çəkildiyi iştirakçıların diqqətinə çatdırılıb. Aparat rəhbəri Türkiyə, Özbəkistan və Qazaxıstanın bu fəaliyyətə qoşulduğunu, o cümlədən məktəblərin tikintisində iştirak etməklə məcburi köçkünlərin təhsil hüquqların həyata keçirilməsinə dəstək verdiyini bildirərək, digər müsəlman ölkələrini də bu prosesdə həmrəyliyə dəvət edib. 

Tədbirdə iştirak edən panelistlərdən birinin "İslam ölkələrində qaçqın problemi" adlı təqdimatında azərbaycanlı qaçqın və məcburi köçkünlər haqqında məlumatın əks olunmaması irad olaraq diqqətə çatdırılıb və nəzərə alınıb.