Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları itkin düşmüş soydaşlarımızın anım mərasimində iştirak ediblər

01-10-2022 299 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları itkin düşmüş soydaşlarımızın anım mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları itkin düşmüş şəxslərin ailə üzvlərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirdiyi anım mərasiminə qatılıblar.

Mərasimdə BQXK-nın ölkəmizdəki nümayəndəliyinin əməkdaşları, itkin düşmüş şəxslərin ailələrinin, Qaradağ və Binəqədi rayon icra hakimiyyətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova Ombudsman Səbinə Əliyevanın fəaliyyətə başladığı dövrdən bu günədək Ermənistanın Azərbaycana qarşı davam etmiş hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 minə yaxın soydaşımızın taleyi ilə bağlı mövzunu mütəmadi olaraq önə çəkdiyini, beynəlxalq qurumları itkin düşən soydaşlarımızla bağlı Ermənistan dövlətinin yaratdığı problemlərə diqqət  göstərməyə çağırdığını bildirib.

Çıxış zamanı bu günlərdə Strasburqda səfərdə olmuş ölkə Ombudsmanının Avropa İnsan Hüquqları Məhkəməsinin sədri ilə görüşdə də itkin düşən soydaşlarımızla bağlı məsələləri, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını, “ailə həyatına hörmət” prinsipini kobudcasına pozmasına görə məsuliyyət daşıdığını və bu öhdəliklərə əməl etməməsini ifadə etdiyi diqqətə çatdırılıb.