Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri QHT-lər üçün təlimdə çıxış edib

08-09-2022 349 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri QHT-lər üçün təlimdə çıxış edib

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi tərəfindən “Şuşa İli” çərçivəsində  dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə “Qayıdışla bağlı hüquqlar və vətəndaş cəmiyyətinin rolu sahəsində beynəlxalq təcrübə” mövzusunda QHT-lər üçün təlim keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Böyük Qaydışa həsr olunmuş təlimdə çıxış edərək, qaçqın və məcburi köçkünlərimizin pozulmuş fundamental hüquqları barədə danışıb. O, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və şərəfli qayıdışının təmin edilməsinin vacibliyinə toxunaraq, hazırda azad edilmiş ərazilərdə mövcud olan mina probleminin bu prosesə ciddi əngəl törətdiyini vurğulayıb.

Çıxış zamanı postmünaqişə dövründə qayıdış mexanizmləri ilə bağlı dünya təcrübəsinə dair məlumatlar da diqqətə çatdırılıb. Aparat rəhbəri qayıdışla bağlı hüquqların təminində, bununla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyətinin də fəal rol oynaya biləcəyini bildirib.

A.Səfixanlı çıxışında Azərbaycan Ombudsmanının Ermənistan tərəfindən törədilmiş müxtəlif hüquq pozuntularının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlı geniş fəaliyyəti barədə də məlumat verib. Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Ombudsman tərəfindən ümumilikdə 15 hesabat, 23 bəyanat, 7-si videoformatda olmaqla, 25 müraciət, 200-ə yaxın mətbuat açıqlaması, habelə 3 videoçarxın yerli və beynəlxalq ictimaiyyətə ünvanlandığı təlim iştirakçılarının diqqətinə çatdırılıb.  O, eyni zamanda, QHT-lər tərəfindən  xüsusi hesabatlar hazırlanarkən bu fəaliyyət çərçivəsində hazırlanmış sənədlərdən də istifadə olunmasını tövsiyə edib.