Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov şəhid gizir Rəfail İşiyevin doğum günü ilə əlaqədar Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində iştirak edib.
Regional mərkəzin rəhbəri “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Rəfail İşiyevin Aprel döyüşlərində də iştirak etdiyini, 3 noyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucaldığını qeyd edib.
Çıxış zamanı Ombudsman Səbinə Əliyevanın şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsinə xüsusi diqqətlə yanaşdığı bildirilib.
Sonda şəhid İşiyev Rəfail Əhmədağa oğlunun anadan olmasının 43 illiyinə həsr olunmuş “Ana, məni bağışla” tamaşası nümayiş etdirilib.