Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Masallı Gənclər Evi sosial xidmət müəssisəsi və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi “İnsan alverinin qurbanına çevrilmə!” adlı tədbirdə iştirak edib.
O, tədbirdə “İnsan alveri: təhlükələr və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda çıxış edib. Çıxış zamanı iştirakçılara Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti barədə məlumat verilib.
Keçirilən tədbirdə idarə, müəssisələrin əməkdaşları və fəal gənclər iştirak ediblər.
Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən növbəti maarifləndirici tədbir isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı KOB nümayəndəliyi ilə birgə “Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi istiqamətində dövlət qurumlarının rolu” mövzusunda təşkil olunub. Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzində keçirilmiş tədbirdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslər iştirak ediblər.
Regional mərkəzin rəhbəri Z.İsmayılov əlilliyi olan şəxslərin hüquqlarının təmininə göstərilən diqqət barədə danışarkən Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə Aparatın strukturunda Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun yaradıldığını bildirib.
Çıxış zamanı əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri, bu şəxslərin hüquqi vəziyyətinin əsasları, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyası və bu sahədə ictimai maarifləndirmənin əhəmiyyəti kimi mövzulara toxunulub.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, qaldırdıqları məsələlərlə bağlı münasibət bildirilib.