Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistan tərəfindən törədilən növbəti silahlı təxribatlarla bağlı Ombudsmanın reaksiyası

13-02-2024 1614 dəfə oxunub
Ermənistan tərəfindən törədilən növbəti silahlı təxribatlarla bağlı Ombudsmanın reaksiyası

Etnik zəmində nifrət və etnik təmizləmə siyasəti həyata keçirərək, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz yurdlarından didərgin salan, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə səbəb olan və ərazilərimizdə mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir.

Belə ki, fevralın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs pozulmuş, ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeləri istiqamətində atəş açılmış, nəticədə DSX-nin hərbi qulluqçusu yaralanmışdır.

Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar regionda dayanıqlı sülhün bərqərar olması üçün Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə etinasız qalmamalı və bu ölkəyə sülh danışıqlarını, hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhdid altına alacaq silahlı təxribatlara son verməsi məqsədilə ciddi çağırışlar etməlidir. 

 

 

Səbinə Əliyeva

 

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

13 fevral 2024-cü il