Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı qadın hüquqlarına həsr olunmuş onlayn tədbirdə iştirak edib

31-08-2023 8952 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı qadın hüquqlarına həsr olunmuş onlayn tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 28 avqust - BƏƏ Qadınlar Gününə həsr olunmuş onlayn tədbirdə iştirak edib. BƏƏ-nin Azərbaycandakı səfirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbir “Cəmiyyətin inkişafında qadınların rolu və onların hüquqlarının genişləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə çıxış edən L.Zeynalova respublikamızda aparılan dövlət gender siyasəti ilə bağlı məlumat verib, bu sahədə Ulu Öndər Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın böyük xidmətlərini vurğulayıb.

Çıxış zamanı qadınların pozulmuş hüquqlarının bərpasının, gender bərabərliyinin təmini və təbliğinin daim Müvəkkilin diqqət mərkəzində olduğu və bu sahədə geniş fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Həmçinin qeyd olunub ki, qadınlar tərəfindən Ombudsmana ünvanlanan çoxsaylı müraciətlər araşdırılaraq zəruri tədbirlər görülür, səlahiyyətli orqanlara sorğular göndərilir və nəticə olaraq qadınların hüquqlarının təmininə nail olunur.

Bununla yanaşı, Ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi prosesində yaxından iştirak etdiyi bildirilib.

L.Zeynalova Ombudsman təsisatı tərəfindən ölkəmizin müxtəlif bölgələrində yaşayan qadınlar üçün maarifləndirici tədbirlərin təşkil edildiyini və yüzlərlə qadının öz hüquqları barəsində məlumat əldə etdiyini də nəzərə çatdırıb.

Daha sonra müvafiq dövlət qurumlarının nümayəndələri mövzu ilə bağlı çıxış ediblər.