Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

19-07-2022 338 dəfə oxunub
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinin səmərəli təşkili istiqamətində fəaliyyət davam etdirilir. Bu məqsədlə TİHEK nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz miqrantların saxlanılması mərkəzinə baxış təşkil edilib.

Mərkəzin iş rejimi ilə tanış olmaq məqsədilə yaşayış otaqlarına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadə etdiyi digər tikililərə baxış keçirilib, müəssisə rəhbərliyi, tibb məntəqəsinin həkimi və saxlanılanlarla söhbətlər aparılıb.

Nümayəndə heyətinin üzvləri miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və Ombudsman təsisatı ilə birgə əməkdaşlıqda həyata keçirilən tədbirlər, o cümlədən Müvəkkil tərəfindən miqrantların dövlətdaxili və beynəxlalq müstəvidə hüquqlarının müdafiəsi, əcnəbilərin öz vətəninə qayıtmaları və digər istiqamətlərdə görülən işlər barədə ətraflı məlumatlandırılıb, Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində həyata keçirdiyi fəaliyyətlə yaxından tanış olublar.

Baxış çərçivəsində fikir və təcrübə mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.