Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 22 iyun 2022-ci il tarixində imzalanmış Sərəncama əsasən Ombudsman Aparatının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş əməkdaşlarına medal və vəsiqələr təqdim edilib.
Medalların təqdimatı zamanı Ombudsman Səbinə Əliyeva dövlət qulluğunun insanlara və dövlətə xidmət imkanı kimi qiymətləndirilməli olduğunu vurğulayıb.
Ombudsman ölkə Prezidenti tərəfindən dövlət qulluqçularına xüsusi diqqət göstərildiyini, onların maddi rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görüldüyünü bildirib. Səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının ənənəvi olaraq peşə bayramları ərəfəsində mükafatlandırılmasının onların əməyinə verilən dəyərin, etimadın göstəricisi olduğu və həvəsləndirmə baxımından böyük önəm daşıdığı qeyd edilib.
Səbinə Əliyeva göstərilən diqqətə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Yekunda Ombudsman Səbinə Əliyeva təltif olunmuş əməkdaşlara vəsiqə və medalları təqdim edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.