Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə professor Elmira Süleymanovanın 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə Ombudsman Aparatının kollektivi iştirak ediblər.
Tədbirdə Ombudsman S. Əliyeva ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm rola malik olan və bu il 20 illiyi qeyd olunan Ombudsman təsisatının formalaşmasında və fəaliyyətinin təkmilləşməsində E. Süleymanovanın xidmətlərindən söhbət açıb. O, həmçinin yubilyarın hazırda Ağsaqqlar Şurasında sədr müavini vəzifəsində çalışaraq milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin inkişafına xidmət edən tədbirlərdə yaxından iştirak etdiyini, o cümlədən nəsillərarası dialoqa töhfə verdiyini diqqətə çatdırıb.
Tədbir iştirakçıları E. Süleymanovanın elmi və ictimai-siyasi fəaliyyəti ilə bağlı öz fikir və xatirələrini bölüşərək təbriklərini çatdırıblar.
Sonda E. Süleymanova yubiley tədbirin təşkilinə görə Səbinə Əliyevaya təşəkkürlərini bildirərək təsisatın fəaliyyətinə uğurlar arzulayıb.