Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi miqrasiya siyasətinə dair seminarda iştirak edib

30-06-2022 184 dəfə oxunub
Ombudsmanın nümayəndəsi miqrasiya siyasətinə dair seminarda iştirak edib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində miqrasiya siyasəti dövriyyəsinə dair 2 günlük beynəlxalq seminar keçirilib.

Ombudsman Aparatının da təmsil olduğu seminarda yerli ekspertlərlə yanaşı, Maastrixt İdarəçilik Məktəbi və UNU-MERIT-in miqrasiya üzrə beynəlxalq ekspertləri də təqdimatlarla çıxış ediblər. Seminarda ekspertlər tərəfindən miqrasiya siyasəti ilə bağlı seçilmiş ölkə təcrübələrinin öyrənilməsinə dair hesabatın nəticələri barədə təqdimat nümayiş etdirilib. 

Tədbirdə Ombudsman Aparatının əməkdaşı Turan Cahangirova bir sıra Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin miqrasiya sahəsində təcrübələri nəzərə alınmaqla miqrasiya kontekstində insan hüquqlarının müxtəlif sahələri üzrə yeni konsepsiyaların formalaşdırılması, monitorinq və qiymətləndirmə prosedurlarının səmərəli həyata keçirilməsi ilə bağlı ölkə Ombudsmanının tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. O, Azərbaycanda 20 ildir fəaliyyət göstərən Ombudsman təsisatı tərəfindən ölkə ərazisində olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, xarici ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının təmini istiqamətində əldə edilmiş müsbət təcrübələr barədə məlumat verib. Ombudsmanın nümayəndəsi milli miqrasiya strategiyaları hazırlanarkən uşaqların, qadınların, ahılların və digər həssas qruplardan olan miqrantların inklüzivliyinin və xüsusi maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib.

Yekunda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.