Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman hibrid formatda keçirilmiş beynəlxalq tədbirdə çıxış edib

24-06-2022 243 dəfə oxunub
Ombudsman hibrid formatda keçirilmiş beynəlxalq tədbirdə çıxış edib

Ombudsman Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Qazaxıstandakı nümayəndəliyi tərəfindən hibrid formatda təşkil edilmiş “Mərkəzi Asiya və Əfqanıstanda müasir çağırışlar və təhdidlər qarşısında qadınların hüquqlarını qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün milli insan hüquqları mexanizmlərinin təcrübəsi haqqında” adlı tədbirdə çıxış edib.

S.Əliyeva çıxışında silahlı münaqişələrin beynəlxalq humanitar hüquq normalarının və insan hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğunu, dinc sakinlərin həyat və sağlamlıqları üçün ciddi təhlükə yaratdığını bildirib. Azərbaycanın 30 il müddətində bu cinayətlərlə üz-üzə qaldığı, beynəlxalq hüquq normaları ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması nəticəsində çox sayda mülki şəxsin, o cümlədən qadın və uşaqların həlak olduğu diqqətə çatdırılıb.   

Daha sonra iştirakçılara Ermənistanın törətdiyi insan hüquq pozuntularının araşdırılması sahəsində Vətən müharibəsi dövründən etibarən Ombudsmanın həyata keçirdiyi fəaliyyət, bununla bağlı beynəlxalq ictimaiyyətə ünvanlanmış çoxsaylı sənədlər barədə məlumat verilib.    

S.Əliyeva ölkəmizin hələ də işğalın neqativ təsirlərindən əziyyət çəkdiyini qeyd edərək, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilmədiyini nəzərə çatdırıb. Həmçinin işğaldan azad edildikdən dərhal sonra həmin ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanılması da iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, qadınların da bu işlərdə yaxından iştirakının təmin edilməsi istiqamətində onlara zəruri dəstək göstərilir.

Çıxış zamanı iştirakçılar Azərbaycan Ombudsmanının qadınların hüquqlarının təmini, habelə biznes və insan hüquqları, informasiya əldə etmək hüququ, maarifləndirmə sahələrində fəaliyyəti haqqında məlumatlandırılıb.