Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı “İnsan Hüquqları Aylığı” çərçivəsində hazırladığı “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ” adlı yeni maarifləndirici bukletləri ictimaiyyətə təqdim edir

17-06-2022 288 dəfə oxunub
Ombudsman Aparatı “İnsan Hüquqları Aylığı” çərçivəsində hazırladığı “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ” adlı yeni maarifləndirici bukletləri ictimaiyyətə təqdim edir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.

Müvəkkil ölkədəki bütün əhali qrupları ilə yanaşı, miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayır.

Ombudsman və Aparatın əməkdaşları tərəfindən müntəzəm olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə başçəkmələr həyata keçirilir, burada saxlanılan şəxslərlə görüşlər keçirilməklə onların hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmini vəziyyəti araşdırılır və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombusman Aparatı tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu sahədə nəzəri biliklərinin və məlumatlılığının artırılması məqsədilə informasiya əldə etmək hüququnun müdafiəsi mövzusunda 4 fərqli dildə (Azərbaycan, ingilis, rus və Ukrayna) bukletlər hazırlanmışdır. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin informasiya əldə etmək hüququ” adlı bukletlərdə informasiya əldə etmək hüququ, informasiya sahiblərinin vəzifələri, informasiya sorğusu, onun icra müddəti və imtina səbəbləri, Ombudsman tərəfindən informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri və müvafiq protokol tərtib etmək səlahiyyətlərinə dair məlumatlar öz əksini tapmışdır.