Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

16-06-2022 323 dəfə oxunub
Ombudsman tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 12 iyun – Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş, həmçinin “İnsan hüquqları və onun prinsipləri” mövzusunda tədbirlər keçirilib.

Həmin müəssisənin nümayəndəsi təqdimatla çıxış edərək, sakinlər və işçi heyətinə “insan hüquqları” anlayışı, onun prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlər və mexanizmlər, ölkədə həyata keçirilən tədbirlər, uşaq əməyi ilə bağlı qanunvericilikdə təsbit olunmuş müddəalar, aparılan araşdırmalar və onunla mübarizə yolları barədə ətraflı məlumat verib. 

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva çıxışı zamanı “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbirlərin keçirilməsinə görə Sosial Xidmətlər Agentliyinə və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə təşəkkürünü bildirib, Aylığın məqsədi və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. 

Tədbirlərin sonunda mövzuya dair maarifləndirici videoçarxlar, həmçinin uşaqlar tərəfindən səhnəciklər nümayiş etdirilib. Eyni zamanda, Aylıq çərçivəsində müəssisənin uşaq sakinlərinin iştirakı ilə insan hüquqlarına dair hazırlanmış videoçarx təqdim olunub.