Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları tərəfindən miqrasiya sahəsində maarifləndirici təlim keçirilib

09-06-2022 298 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları tərəfindən miqrasiya sahəsində maarifləndirici təlim keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)”  layihəsi çərçivəsində Ombudsman Aparatı, Dövlət Miqrasiya Xidməti və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin birgə əməkdaşlığı ilə təşkil edilmiş təlimdə Ombudsman Aparatının nümayəndələri təqdimatlarla çıxış ediblər.

“İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən təlimin açılış hissəsindən sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Miqrantların hüquqlarının müdafiəsi və bu sahədə mövcud milli və beynəlxalq hüquq müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış edib. A.Səfixanlı çıxışında milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbir edilmiş miqrant hüquqlarına dair normalar barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Daha sonra Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova “Miqrantların hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda təqdimat edərək, təsisatın tarixi, Ombudsmanın səlahiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri və miqrant hüquqlarının təmini istiqamətində fəaliyyəti barədə danışıb. 

İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri Vüqar Heydərov “Ombudsmanın Milli Preventiv Mexanizm qismində mandatı və fəaliyyəti: tənzimlənməyən miqrantların saxlanılması mərkəzlərinə preventiv başçəkmələr” adlı təqdimatla çıxış edib. Təqdimat zamanı iştirakçılar Azərbaycanda Milli Preventiv Mexanizm funksiyalarını həyata keçirən Ombudsmanın bu sahədə fəaliyyəti barədə ətraflı məlumalandırılıb.

İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova isə “Miqrasiya qanunvericiliyinin tətbiqi və inkişafı perspektivləri. Monitorinq” mövzulu təqdimatla çıxış edərək, iştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, miqrasiya prosesləri və bu sahədə innovativ metodların tətbiqi barədə məlumat verib.

Daha sonra təlim interaktiv müzakirə formasında davam etdirilib, miqrasiya prosesləri ilə əlaqədar bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Yekunda iştirakçılara Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər paylanılıb. Ombudsman Səbinə Əliyeva təlimdə iştirak edən Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına sertifikatlar təqdim edib.

Qeyd edək ki, iki gün davam edəcək tədbirin növbəti günündə Yevlax şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanması Mərkəzinə başçəkmə nəzərdə tutulub.